windows oyunları

nurlan mamiyev
​​Hər birimiz ən azı bir dəfə “Windows”a daxil olan oyunların birini oynamışıq. “Microsoft” bu oyunları öz əməliyyat sistemlərinə yalnız istifadəçilərinin əyləncələri üçün deyil, həm də nəyisə öyrətmək üçün əlavə edirdi.

Ən məşhur kart oyunu olan “Solitaire” (rusca «Косынка»), 1990-cı ildə “Windows” 3.0 əməliyyat sisteminin tərkibində ortaya çıxdı. O vaxtlar bir çox istifadəçilər “mouse” ilə işləməyə öyrəşməmişdilər. Məhz bu səbəbdən “Microsoft” “mouse”suz oynanılmağı az qala mümkünsüz olan “Solitaire” oyununu əlavə etdi. Bununla istifadəçilər həmçinin “Drag & Drop” texnologiyasına öyrəşməyə başladılar.

“Mouse” ilə idarəetmədən başqa “Microsoft” istifadəçiləri “click” etməyi də öyrətməli idi. Ona görə 1992-ci ildə artıq “Windows” 3.1 sisteminin tərkibində “Minesweeper” (rusca «Сапёр») oyununu təqdim etdi. Bu oyunun ilk məqsədi istifadəçilərə sağ düymənin də mövcud olduğunu xatırlatmaq idi. İkinci məqsəd isə istifadəçilərin “mouse”la daha çevik idarə etməsini öyrətmək idi.

Növbəti “Hearts” (rusca «Червы») oyunu ilk dəfə “Windows for Workgroups” 3.1 sisteminə əlavə edilmişdir. Bu oyunu digərlərindən fərqləndirən xüsusiyyəti onun lokal şəbəkə ilə oynanılması idi. Burada məqsəd insanların şəbəkə vasitəsilə bir-biri ilə ünsiyyət qurmağı öyrətmək idi (ünsiyyət oyun formasında olsa da belə).

2012-ci ildə insanların sevimlisinə çevrilmiş “Windows” oyunları yoxa çıxdı. Ancaq burada da bir məqsəd var idi. Belə ki, bu oyunları tətbiq mağazasından (“Windows Marketplace”) yükləmək olardı və oyunların silinməsinin başlıca məqsədi istifadəçilərə “Marketplace” ilə işləməyi öyrətmək idi.