vitaminlər

shabi
Vitaminlər

Vitaminlər – üzvi birləşmələr olub, insan və heyvanların qidasının zəruri hissəsidir. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Lakin onlar, həmçinin balıq və ət məhsullarında, süddə, yumurtada da vardır. Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və xəstəliklə - avitaminozla (sinqa, raxit, qanaxma, boyatmanın ləngiməsi) nəticələnir.

A vitamini

A vitamini bir sıra biokimyəvi proseslərdə iştirak edir. Ən çox gözün görmə qabiliyyətinə təsir göstərir. Onun çatışmazlığı toyuq korluğu xəstəliyinə səbəb olur. A vitamini, həmçinin orqanizmdə normal boyatma üçün zəruridir. Ən çox qaraciyər, yer kökü, pomidor, qırmızı istiot, yonca və qozda olur.

B vitamini

B qrupu vitaminlərinə B1, B2, B6, B12 vitaminləri daxildir. Onlar bitki və heyvan mənşəli bir çox məhsulların tərkibində olur.

B1 vitamini maddələr mübadiləsinin bir sıra proseslərinə təsir göstərir. O, orqanizmdə sinir sistemi fəaliyyətinin normallığı üçün zəruridir. Orqanizmdə bu vitamin olmadıqda ağır avitaminoz "beri-beri" xəstəliyi yaranır. B1 vitamini qəbul etməmiş insanlarda 1-3 aydan sonra yüngül yorğunluq, arıqlama baş verir. B1 vitamini ən çox pivə mayasında, buğdada, arpada, paxlada, düyü və vələmir yarmasında, qaraciyərdə, yumurta sarısında olur. Yaşlı insanın gündəlik norması 2-3 mq-dır. B12 vitamini daha çox istifadə edilir. Bu vitamin orqanizm üçün çox zəruri olan nuklein turşuları sintezində iştirak edir. Orqanizmdə çatışmazlığı qanazlığına səbəb olur.