“Strange Case of Dr Jekyll and Mr Hyde”, Robert Louis Stevenson

gulu1096
“Strange Case of Dr Jekyll and Mr Hyde”, Robert Louis Stevenson

Londonda qəribə hadisələr baş verir. Bütün bu iyrəncliklər cənab Hide adlı birisinin əməlləridir.
Amma sən demə cənab Hide cəmiyyətdə böyük nüfuza malik həkimlərdən olan Dr. Jekyll ilə yaxın imiş, tez-tez onun evinə gedib-gəlirmiş. Və günlərin bir günü Dr.Jekyll otağının qapısının bağlayaraq özünə qəsd edir.
Məlum olur ki, cənab Hide elə doktorun özü imiş, yəni onun içində gizlənən “mənfi xasiyyətlərin məcmusu”...
Həkim sadəcə artıq Hide-nı idarə edə bilmədiyi üçün özünü öldürmək qərarına gəlir...
Görkəmli şotland nasiri və şairi Robert Louis Stevenson bu hekayəti gördüyü yuxu əsasında yazmışdı. Yaradıcı bir dəliliklə yuxudan oyanıb bu hekayəti qələmə alanda o artıq uğurlu bir yazıçı kimi tanınırdı. (Onun kokain aludəçisi olduğu da deyilirdi)
Stevenson novellanın qaralamasını üçcə günə tamamladı. Adəti üzrə, yazıçı qaralamanı həyat yoldaşına verdi ki, o da nəzərdən keçirsin və təkliflərini versin. Bundan sonra o, əsəri redaktə edərək bölmələrə ayırdı.
Stevenson yuxunu gördüyü vaxtdan 10 gün sonra əlyazma üzərində işi bitirdi.
“Dr. Jekyll və Mr. Hydenin qəribə hekayəti” bu günə qədər onlarla teatrda, filmdə canlandırılıb.

“Jonathan Livingston Seagull”, Richard Bach

1959-cu ildə yazıçı Richard Bach (həm də təyyarəçi) “bədənsiz səs” adlandırdığı bir pıçıltı eşidir: səs onun qulağına yazacağı romanın adını deyirdi. O, ilhamı “qaçmadan” əsərinin bir neçə bölməsini yazmağa başlayır.
Amma iş yarımçıq qalır və rəfə qoyulan əlyazma əsasında o, 8 il sonra “Jonathan Livingston Seagull” adlanan dərin fəlsəfi romanını bitirməyə müvəffəq olur.
Əsər dəstədən qovulan qağayı haqqındadır. O, gündəlik qida qayğılarından bezib uçmaq sənətinə dərindən yiyələnmək, yeniliklər görmək, öyrənmək istəyilə alışıb yanır. Dəstə intizamına etinasızlıq onun yoldaşlarından ayrılması ilə nəticələnir. Amma bunun əvəzində onun üçün yeni həyatın qapıları açılır...
Bach-ın bu nağılı “Küləklə sovrulanlar”ın satış rekordunu da vurub keçərək gözlənilmədən bestseller olur.
Yazıçının sözügedən kitabı və onun yaranma üsulu ruhi fenomenlə güclü bağlılığa malik olsa da, Bach hesab edirdi ki, yaxşı yazmaq qabiliyyəti çalışqanlıqdan daha çox asılıdır, nəinki metafizik amillərdən.
O deyirdi: “İnsana yuxunu gerçəyə çevirmək üçün güc də lazımdır. Bunun üçün ciddi çalışmalısan”.