*🇦🇿Şəhid Tural Məmmədov🇦🇿*

gulu1096
*🇦🇿Şəhid Tural Məmmədov🇦🇿*
foto

*🇦🇿Şəhid Tural Elxan oğlu Məmmədov🇦🇿*

Şəhid Məmmədov Tural Elxan oğlu 17 sentyabr 1990-cı ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 01.09.1997-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 03.10.2008-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. 01.04.2010-cu ildə həqiqi hərbi xidmətini başa vuraraq tərxis olunmuşdur. 12.12.2016-cı il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi kəşfiyyatçı-sanitar vəzifəsində xidmətə başlamışdır. 2017-ci ildə isə kəşfiyyatçı ixtisası üzrə imtahanları müvəffəqiyyətlə verərək sertifikat almış və 2018-ci ildən "N" saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı kimi xidmətini davam etdirmişdir. O, xidmətini daim döyüş bölgələrində keçirmiş, nizam-intizamlı, qorxmaz, mərd və cəsarətli olması ilə yoldaşlarından fərqlənmişdir. Tural öz peşəsini çox sevirdi, onunla nəfəs alırdı sanki. Gecə-gündüz bilməz, verilən tapşırıqları vicdanla və sevə-sevə yerinə yetirərdi. Ona görə də hərbi hissə komandanlığı tərəfindən Tural Məmmədovun xidməti həmişə yüksək qiymətləndirilirmiş, 2018-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif "N” saylı hərbi hissələrində xidmət edən, "Həmlə” taborunun kəşfiyyat bölüyündə döyüşən kəşfiyyatçı Tural Məmmədov Vətən müharibəsində igidcəsinə vuruşub. İkinci Qarabağ müharibəsi döyüşlərinin başladığı ilk günlərindən Kəlbəcər rayonunun "Murovdağ” istiqamətində gedən döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. Şəhid Tural Məmmədov 12 dekabr 2020-ci il tarixdə Qazax rayonunun Qızılhacılı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. İki əkiz - Nihat adlı oğul, Nilay adlı qız övladı yadigar qalıb.

Bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Tural Məmmədov kimi oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyirik. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır. Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!.

*Təltifləri 🎖️*

•🎖️— "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi" yubiley medalı

•🎖️— "Vətən uğrunda" medalı (ölümündən sonra)


_Cənnətdəki doğum günün mübarək nur üzlü şəhidim🥀😔_


*Unutmayaq! Unutdurmayaq!*

Paylaşım haqqında rəylər

Bu başlıqdakı paylaşımları gör