SƏN MƏNİ BAĞIŞLA, MƏN DƏ Kİ, SƏNİ...

gulu1096
SƏN MƏNİ BAĞIŞLA, MƏN DƏ Kİ, SƏNİ...

Buludlar toqquşdu, ildırım çaxdı,
Elə bil dağ çayı tərsinə axdı.
Ömrümün kövrələn, bu payız vaxtı,
Gəl qovaq yollardan dumanı, çəni,
Sən məni bağışla, mən də ki, səni...

Ağ ilə qaranı seçə bilməsən,
Bu qəm adasında köçə bilməsən,
Mənim günahımdan keçə bilməsən,
Vaxtsız çoxalacaq saçımın dəni,
Sən məni bağışla, mən də ki, səni...

Dərdin yaxını az, uzağı çoxdur,
Baxtın öz qarası, öz ağı çoxdur.
Onsuz da dünyanın sazağı çoxdur,
Şaxtalar vurmamış çölü, çəməni
Sən məni bağışla, mən də ki, səni...

Artıq olan olub, keçən keçibdi,
Dəvələr yuklənib, karvan köçübdü.
Alın yazısını tanrı seçibdi,
Qoyaq ortalığa yaşıl səməni,
Sən məni bağışla, məndə ki, səni...

Vaqif Məmmədov💜