Ramiz Rövşən 💜 şeirləri

gulu1096
Mən Səni Sevmirdim

Mən səni sevmirdim...
Amma gecəydi,
Bir bomboş vağzaldı, bir də biziydik.
Yuxulu gözlərin gözümə dəydi,
Yuxulu gözlərin tərtəmiziydi.

Yuxulu gözlərin yuxu görürdü,
Sən özün ən şirin yuxuydun ancaq.
Yuxulu gözlərin yuxu görürdü,
Mən sənin yuxunda yoxuydum ancaq.

Mən gələn qatarın hayında idim,
Bir sərin gecəydi, bir ilıq nəfəs.
Bir də ki, mən sənin yanında idim,
Yaxında olanlar yuxuya girməz.

Sonra qatar gəldi, yuxun dağıldı,
İstədim söz deyəm, karıxdım yenə.
Qatar gecikirdi, mən darıxırdım,
Sən mindin qatara, darıxdım yenə.

O gedən qatarın dalınca baxdım,
Dedim, bu gecəni çətin dözərəm.
Bir az da keçsəydi, ağlayacaqdım,
Yaxşı ki, gülməyim tutdu özümə.

Sonra da, yol boyu uzandı kölgəm,
Sonra da, tək-tənha qayıtdım evə.
O qatar, o gecə, o dünya bəlkə,
Tək bundan ötrüydü; MƏN SƏNİ SEVƏM…

Ramiz Rövşən