qızılbaşlar

zuleyxa
Qızılbaşlar kimdir?
XV əsrin ikinci yarısında meydana çıxmış olan Qızılbaşlıq hərəkatı Azərbaycan, İran, İraq və Şərqi Anadoluda yaşayan türkdilli tayfaların tarixində yeni bir səhifə açdı.Dini baxımdan Qızılbaşlıq İslamda inqilab yaratdı. Tam anlamı ilə demək olar ki,Qızılbaşlıq hərəkatı İslamda Reformasiya hərəkatı idi.Bu təriqətin mənsubları şiəliyi sufiliyin müxtəlif cərəyanları ilə zənginləşdirərək şiəliyə dayanan böyük bir Qızılbaş dövləti qurdular.Bu dövləti qurmuş olan Şah İsmayılın amalı ədalətli bir dövlət qurmaq, burada yaşayan türkdilli tayfaları uzun illər məruz qalmış olduqları yadelli basqınlardan və tayfalar arası çəkişmələrdən qurtarmaq və onlar üçün gözəl güzəran təmin etmək olmuşdur. Amma tarixi şərait belə gətirdi ki, bu dövlət qərbdən Orta əsrlərin ən qüdrətli dövləti olmuş Osmanlı imperiyasının, şərqdən isə Özbəklərin Şeybanilər dövlətinin ardı-arası kəsilməyən hücumlarına məruz qalıb mövcudluğunu qorumaq naminə müharibələr aparmış oldu. Tarixin qismət etmiş olduğu qonşu dövlətlərin sünni ruhanilərinin fanatizmi, dini düşmənçilik siyasəti yeritməsi, öz dövlətlərini müharibələrə sövq etməsi tarixin axarını dəyişdirmiş oldu. XVI əsr bu üç türk dövlətinin bitməyən müharibələr əsri oldu. Əslində Osmanlıların Səfəvilərlə müharibəsini bir növ Reformasiya uğrunda müharibə kimi də qəbul etmək olar hansı ki,burada Osmanlı dövləti anti-reformator qismində çıxış edir.Qızılbaşlıq haqqında bir çox əsərlərin olmasına baxmayaraq yazımızda məqsəd bu hərəkatın mənşəyinə, yaranmasına, günümüzdəki mövcudluğuna müasir şərait baxımından qısa bir nəzər salmaqdır.Səfəvi-Qızılbaş ideologiyasının və qızılbaş hərəkatının mahiyyətinin nə olduğunu dəqiq anlamaq üçün ilk öncə bu hərəkatın yarandığı dövrə,həmin dövrdə Azərbaycanın və bütövlükdə Yaxın və Orta Şərqin sosial-iqtisadi vəziyyətinə,həmçinin Qızılbaşlığın bilavasitə bağlı olduğu sufilik və hürufilik dünya görüşlərinə baxmaq lazımdır.XIII əsrdə monqolların,XIV əsrin sonunda isə Teymurun dağıdıcı yürüşləri nəticəsində Azərbaycan bir sıra qırğınlar və dağıntılarla üz üzə qaldı.XIII-XIV əsr boyu davam edən Hülakü-Qızıl Ordu müharibələri,Teymurun yürüşləri, minlərlə sənətkar ailəsinin Azərbaycandan uzaq diyarlara aparılması,feodal ara müharibələri-bütün bunların əziyyətini xalq çəkir və sosial narazılıqları artırırdı.Üstəlik bu dövrdə xurafatın dində hakim olması,istənilən yenilikçiliyə qarşı çıxmaları,din adı ilə öz şəxsi maraqlarını güdmələri Ortodoksal Sünni məzhəbinə xalqın nifrətini artırırdı.Bütün bunlardan əlavə bəhs olunan dövrdə ölkədə siyasi birliyin vahidliyin olmaması,mərkəzləşdirilmiş dövlətin yoxluğu yadelli işğalçılara qarşı xalqın mübarizə əzmini zəiflədirdi.Təbii ki,siyasi birliyin yox olduğu bir şəraitdə xalqı öz ətrafında birləşdirə biləcək bir qüvvə,özü də bəhs etdiyimiz orta çağda ancaq din amili ola bilərdi.Beləliklə XIV əsrdən etibarən əvvəlki sakit,sülhsevər təbiətli sufi görüşlərinin içərisindən xalqı zalıma və zülmə qarşı mübarizəyə səsləyən bir sıra təriqətlər meydana çıxmağa başladı ki onlardan da biri Səfəviyyə təriqəti idi.Bu təriqətin banisi Pir-i Türkan Şeyx Səfiəddin İshaq Ərdəbili idi.Mənbələrdə onun Şeyx Zahid Gilaninin müridi olduğu və onun qızı Bibi Xanımla evləndiyi bəhs olunur. İ.P.Petruşevski Həmdüllah Qəzvininin məlumatına əsaslanaraq bildirir ki,Şeyx Səfiəddin özü Şafe-i məzhəbli sünni olmuşdur.Lakin o özü öz mühakiməsini öz qeydində şübhə altına alaraq deyir ki,ola bilər ki,Şeyx Səfiəddin özü gizlində şiə idi və şiəliyin təhkiyyə ehkamına əsaslanaraq öz dini inancını gizlədirmiş.Çünkü Şeyx Sədrəddinin müridlərindən biri olan Şah Qasim Ənvar(1357-1434) özü şiə idi.Şeyxin varisi olan Sədrəddinin dövründə artıq Ərdəbil dərviş ordeninin inancı şiə inancı olmuşdur. Həmin dövrdə Şeyx Səfiəddinin müridləri sırasında dövrünün bir sıra görkəmli şəxsiyyətlərinin olması və ona vəqf kimi bağışlanan hədiyyələr də Şeyx Səfinin nə dərəcədə nüfuzlu bir şəxsiyyət olduğunu sübut edir.Fəzlullah Rəşidəddinin Şeyxə yazmış olduğu məktubda ona vəqf kimi verilən torpaqlar və əşyaların adları çəkilir.Təxminən Şeyx Səfiəddin və onun mürşidi Şeyx Zahidlə eyni çağda digər irfani şəxsiyyət Pir Hacı Bektaş-i Vəli Xorasani də Anadoluda fəaliyyət göstərirdi.Onun XIII əsrdə əsasını qoymuş olduğu təriqət də elə onun öz adıyla adlandırılmışdır.Mənbələrin diqqətli analizi həm Səfiəddinin həm də Bektaşi Vəlinin əslində ikisinin də eyni yerdən-Xorasandan gəldiklərini ortaya qoymaqdadır. Belə ki,Şeyx Səfiəddinin uzaq əcdadları XI əsrdə Xorasandan İrana və Azərbaycana köç etmiş oğuz türkləri olmuşlar.Məhz gələcəkdə Şeyx Səfi ocağının Anadolu türkmən boylarının tabe olduğu dərgah halına gəlməsində mühüm rol oyanayan amillərdən olmuşdur.Bektaşilik XIII-XIV əsrlərdə bütün Anadoluda ən geniş yayılmış bir təriqətə çevrildi.Bu təriqətin Səfəviliklə və Hurufiliklə ideya yaxınlığı çox qısa zaman sonra onları bir birinə birləşdirdi. Şeyx Xacə Əlinin (1392-1429) dövründə ilk dəfə Rum türkmənlərinin(Rumlular)bir qismi Səfəvilərin müridlərinə çevrilmiş və Ərdəbildə yerləşdirilmişdir . Lakin daha sıx əlaqələr məhz Şeyx İbrahimin dövründə qurulmuşdur.Bir sıra rəvayətlərə görə Şeyx İbrahim bir neçə dəfə Anadoluya səfərlər etmiş və Malatyada Merzinlidə Səfəvi ocağı olan Şeyx İbrahim Vəli dərgahını yaratmışdır.Tezliklə Anadolu türkmənlərinin bir qismini müridliyə qəbul edən Şeyx İbrahim Vəli buraya Anadolu ələvilərinin inancının,təriqətin əsaslarını göstərən “Şeyx Səfi buyruğu” adlı sənədləri göndərməyə başlamışdır.Anadolu ələviləri ilə Səfəvilərin arasında ilk geniş əlaqə məhz indi də Ələvilər arasında Şah İbrahim Vəli adı ilə tanınan Səfəvi Şeyxi İbrahim Şeyxşah(1429-1447) tərəfindən qoyulmuş və Anadoluda yaşayan ələvi-bəktaşilər müridliyə qəbul olunmuşdur.İbrahimin oğlu Şeyx Cüneydin dövründə isə bu əlaqələr daha da sıxlaşmışdır.Əmisi Cəfər və Qaraqoyunlu Cahanşah tərəfindən Ərdəbildən sıxışdırılan Şeyx Cüneyd Anadoluya gələrək burada özünə daha çox mürid toplamış və artıq sülhsevər sufi və dini mövqeyindən hakimiyyət uğrunda mübarizə aparan döyüşkən mövqeyə keçid etmişdir.Onun oğlu Şeyx Heydərin dövründə isə bir sıra tədqiqatçıların fikrincə 12 dilimli çalma qızılbaşların baş geyimi olmuş və məhz elə buna uyğun olaraq da qızılbaş adı yaranmışdır.