
foto
Psixologiya ağıl və davranışın öyrənilməsidir. İnsanların düşüncə tərzinə, hərəkət etmələrinə və hiss etmələrinə təsir edən bioloji təsirləri, sosial təzyiqləri və ətraf mühit amillərini əhatə edir.
Psixologiyanı daha zəngin və daha dərindən öyrənmək insanlara öz hərəkətləri ilə yanaşı digər insanları daha yaxşı anlamaqda da kömək edə bilər.
Psixologiya qədim yunan dilindən götürülüb mənası “ psixika haqqında elm” deməkdir. Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir.
Psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir. Hər bir elimin predmetini özünə məxsus hadisələr təşkil edir. Bu hadisələrdən bəziləri olduqca mürəkkəb, çətin dərk olunan hadisələrdir. Psixologiya elminin predmetini təşkil edən hadisələr də məhz özünün mürəkkəbliyi və çətin başa düşülməsi ilə fərqlənir. Bu hadisələr hələ qədim zamanlardan insanların diqqətini cəlb etmiş və bu sahədə müxtəlif fikirlərin, görüşlərin meydana gəlməsinə səbəb olmuşdur. Psixologiyanın öyrəndiyi həmin hadisələr psixi hadisələr adlandırlmışdır. Psixi hadisələrin təsnifi və onun strukturu müxtəlif mövqelərdən şərh olunmuşdur. Bu sahədə daha çox diqqəti cəlb edən psixi hadisələr üç qrupa ayrılmışdır. 1. Psixi proseslər 2. Psixi hallar 3. Psixi xassələr
Psixi proseslər insan davranışının ilkin tənzimləyicisi kimi meydana çıxır. Psixi proseslərə duyğu, qavrayış, hafizə, diqqət, təfəkkür, təxəyyül, hisslər və iradə daxildir. Psixi proseslərin müvafiq başlanğıcı, gedişi və sonu vardır.
Psixi proseslər də üç qrupa ayrılır: idrak prosesləri, emosional proseslər, iradi proseslər.
İdrak prosesləri gerçəkliyi dərk etmək, gerçək aləm haqqında məlumatların dərk edilməsi və işlənməsi ilə bağlı psixi proseslərdir. Bunlara duyğular, qavrayış, hafizə, diqqət, nitq, təfəkkür və təxəyyülü aid etmək olar.
Emosional proseslərə insanların gerçəkliyə münasibətləri ilə bağlı olan hisslər daxildir. Gerçək aləmdə baş verən hər hansı bir hadisə insanda müsbət və mənfi emosiya yarada bilir və nəticədə onun fəaliyyətinə müvafiq təsir göstərir.
İradi proseslərin də insanın həyatında rolu az deyil. İnsanın qərar verməsi, çətinlikləri aradan qaldırması və öz davranışını idarə etməsində iradi proses aydın şəkildə özünü göstərir.
Psixi hallar isə bütövlükdə insanın psixi vəziyyətini xarakterizə edirlər. Onlar da psixi proseslər kimi özlərinin istiqamətinə, dinamikliyinə, nisbi davamlılığına, intensivliyənə görə fərqlənirlər. Həmçinin psixi hallar psixi proseslərin gedişinə və nəticələrinə təsir göstərə bilər. Yəni onların fəaliyyətini gücləndirə yaxud da ləngidə bilər. Psixi hallara dirçəliş, məyusluq, qorxu, ümidsizlik, ruhdan düşmə, gümrahlıq və s. aid etmək olar.
Psixi xassələr isə daha doğrusu şəxsiyyətin psixi xassələri isə yüksək davamlılığı və sabitliyi ilə fərqlənirlər. Psixi xassələrə şəxsiyyətin istiqaməti, dinamik cəhətlərinin xarakteristikası, xarakteri və qabiliyyətləri aiddir.
Psixoloqlar belə nəticəyə gəlmişlər ki, bu xassələrin inkişaf səviyyəsi, həmçinin psixi proseslərin inkişaf səviyyəsi və psixi halların üstünlüyü insanın təkrarolunmazlığını təmin edir.
Bütün bunları nəzərə alaraq psixologiyaya bir elm kimi belə tərif vermək olar: Psixologiya obyektiv gerçəkliyin beyində əks olunmasından ibarət psixi hadisələr, onların yaranma və inkişaf qanunları haqqında elmdir.
Paylaşım haqqında rəylər