motivasiya anlayışı və idarəetmədə rolu

maleka
İşləmək və faydalı olmaq istəyi fərdlərin öz vəzifələrini , öhdəliklərini yerinə yetirmələrinə yol açır. Bəs bu işləmək istəyi necə yaranır? Bu istəyi artırmaq mümkündürmü? İnsanlar nəyə görə işləyir? Bu bir ehtiyacdır yoxsa başqa ehtiyacları qarşılamaq yoludur? Bu və buna bənzər sualların cavabları özünü motivasiya anlayışında əks etdirir. Motivasiya son dərəcə mürəkkəb mövzudur. Bir tərəfdən insanın öz təməl fizioloji ehtiyacları, inkişaf etmə və özünü reallaşdırma ehtiyacları, faydalı olmaq istəyi, digər tərəfdən qurumun məqsədlərinə çatma istəyi , hədəfləri və varlığını davam etdirmə mübarizəsi. Bu iki məqsəd qrupu arasında uzlaşmanın təmin olunması həm fərdlər üçün, həm də qurum üçün faydalıdır.
Müəssisələrdə insanların işləmək arzuları və işdən məmnun qalmalarını artıran və azaldan ən əhəmiyyətli faktorlardan biri də mükafatlandırma-cəzalandırma yanaşmasıdır. Hər qurumun bir mükafat-cəza sistemi var, lakin təəssüf ki, işçilər səhv iş gördükləri zaman cəzalandırılır və bu adi hal hesab olunur, amma işin öhdəsindən yaxşı gələn işçi çox nadir hallarda mükafatlandırılır. Halbuki, çağdaş insan resurları idarəetməsi bunun tamamilə əleyhinədir.
Motivasiya latın sözü ( “movere” )olub, hərəkət etmək, hərəkət gətirmək, təşviq etmək mənasını verir. Motivasiya insanı hərəkətə gətirən, bu hərəkətin enerji səviyyəsini təyin edən, onun istiqamətini müəyyənləşdirən, davamını təmin edən müxtəlif daxili və xarici səbəbləri və bunların işləmə mexanizmlərini əhatə edir. Başqa sözlə, motivə edilmiş davranış, məqsədə yönəlmiş davranışdır. Motivə edilmiş davranışdakı hərəkətlər daha canlı, enerjili, dəyişikliklərə qarşı daha dözümlü olur.Motivasiya işçinin performansını müəyyənləşdirən ünsürlərdən biridir. Motivasiya baxımından performans aşağıdakı kimi ifadə oluna bilər:
Performans = Bacarıq x Motivasiya
Bərabərlikdən göründüyü kimi işçinin yüksək səviyyədə performans göstərməsində bacarıqla yanaşı motivasiya da çox böyük rol oynayır. Motivə edilmədikdə, yaxşı təhsil almış və kifayət qədər bilik və bacarığa sahib olan işçidən kifayət qədər səmərə əldə etmək mümkün deyil. Bərabərliyin hasil şəklində olmasından yola çıxaraq deyə bilərik ki, motivasiya sıfır olarsa onda performans da sıfır olacaqdır.Yüksək motivasiyaya sahib olan işçilər işlərini görərkən ən yaxşı yolu tapma, yüksək keyfiyyətdə məhsul istehsal etmə və yüksək səviyyədə xidmət göstərmədə həvəsli olurlar.Özlərinə güvənən bu işçilər komandanın bir üzvü olaraq iş yoldaşlarına kömək olur, onları dəstəkləyərək cəsarətləndirir.Lakin əgər işçini işlə bağlı motivə edən heç bir şey yoxdursa onda davamiyyətsizlik, işə gecikmə, işdən çıxma kimi neqativ hallar baş verir və bu da həm müəssisənin performans və səmərəliliyinə mənfi təsir göstərir, həm də maddi itkilərə səbəb olur.