insanın xəlq edilməsi

maleka
Insanın xəlq edilməsi, onun kainatda rolu
İinsan Allahın xəlq etdikləri arasında ən axırıncısıdır. O, həyat maddəsindən, müxtəlif yer ünsürlərindən- torpaqdan, palçıqdan, sudan və havadan xəlq edilmişdir. Bu maddi ünsrlərdən xəlq edilmiş insana Allah ruh üfləmişdir. O, bədəni və ruhu ilə insandır. Onun bədəni kainatın bir parçasıdır və onun bəzi xüsusiyyətlərini özündə daşıyır. O, torpaqdan yaradılmışdır, torpağı təşkil edən ünsürlər onda da vardır. O, torpaqdan əmələ gəlmiş, torpağa da gedəcəkdir. Onun ruhu isə Allahdan gəlmiş və yenə də Ona dönəcəkdir: “Biz Allahınıq və Ona tərəf qayıdacağıq!” (əl-Bəqərə, 156).
Qurana görə insanın yaradılışı iki mərhələdə olmuşdur.
Birinci mərhələdə ilk insan olan həzrət Adəm torpaqdan yaradılmışdır. Allah Adəmi torpaqdan yaratdı (Ali-İmran, 59), bunun üçün əvvəlcə torpağa su verdi (əl-Fürqan, 54), onu lil halına gətirdi (əl-Ənam, 2), sonra palçıq halına saldı (əl-Hicr, 26-28), ona surət verdi və surətini gözəl yaratdı (ət-Təğabun, 3), çünki O, yaratdığı hər şeyi gözəl yaradır (əs-Səcdə, 7), sonra ona Öz ruhundan üfürdü (əs-Səcdə, 9), ona ağıl verdi, onu bilikləndirdi (əl-Bəqərə, 31), onu mələklərdən üstün tutdu (əl-Bəqərə, 34), sonra onun özündən həmtayını yaratdı (əz-Zümər, 6). Insanın xəlq edilməsinin ən gözəl təsviri Azərbaycan mütəfəkkiri Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri” əsərində verilmişdir. O yazır: Allah Özünə oxşatmaq istədiyi insanın mayasını qırx üsul ilə təkmilləşdirə-təkmilləşdirə qırx dəfə bir şəkildən başqa şəklə, bir haldan başqa hala saldı: “İnsanın palçığını qırx gün Öz əlimlə yoğurdum”- dedi; son mərhələ çatdıqda, onda bəyənməyə layiq əlamətlər meydana çıxdıqda, heçdən yaradılmışların ən yaraşıqlısı olan insan surətini ona bəxş etdi və Öz əmri ilə ona bir dəfə “Ol”-deməklə ruh verdi: “Bizim əmrimiz bir dəfə verilir”, “Ol” əmri verilcək, bir göz qırpımında, bəlkə ondan da tez hər şey hazır olur; elə ki onun ilk xəyali vücudu tamamlandı, maddi vücudunu yaratmaq növbəsi çatdı, yenə də o Səbirli Sənətkarın istədiyi kimi hazırlandı; “Sonra Biz onu yeni şəkildə yaratdıq”, zatından zahirinədək “onu yenidən yoğurduq”- dedi və onun ilk əsasını təşkil edən insan nəfsini (ruhunu) bir an içərisində orada, yəni ilk vücudun yaradılmış olduğu yerdə ona verdi; sonra təlim sarayında “insana bilmədiklərini öyrətdi” və “xeyirli işlər” emalatxanasında onun zatını cilalamağa başladı, əxlaqını saflaşdırmağa, ağlını kamilləşdirməyə, ona xeyirli işlər vərdişi aşılamağa başladı; ilbəil, günbəgün, bəlkə də anbaan bir dərəcədən başqa dərəcəyə, bir mərtəbədən başqa mərtəbəyə yüksəltdi; nəhayət “öz Yaradanının yanına qayıt!” hökmü veriləndə ilk andan dönə-dönə yoğrulmuş, diqqətlə düzəldilmiş və əmanət verilmiş maddi insan libası geri alınan günə qədər yaşaya biləcək bir şəklə saldı”.

Entry hakkında yorumlar

bu başlıktaki tüm girileri gör