O günlər yuxuydu, yoxsa həqiqət,
Bəlkə bir düyünlü sirr idi, getdi..
O arzu, o ümid, o söz, o söhbət,
Dodaqdan süzülən dürr idi, getdi...
Şırşırlar oyandı, çağladı dağlar,
Çiçəklər boylandı, bəzəndi bağlar..
Biz ayrı düşəli bir qərib bahar,
Yanımdan xəbərsiz yeridi, getdi...
Buludlar üfüqə çəkildi lay-lay,
Zəmilər biçildi, buğdalar tay-tay..
Biz ayrı düşəli bir alovlu yay,
Çölləri, düzləri bürüdü getdi...
Bulaqlar boynunda üşüdü yarpız,
Yarpaqlar, budaqdan endi aramsız..
Biz ayrı düşəli bir yorğun payız,
Sarı çuxasını sürüdü, getdi...
Axdı damcı-damcı buz salxımları,
Sellər yaraladı bürcü, hasarı..
Biz ayrı düşəli bir qışın qarı,
Gözümün içində əridi, getdi...
Könlümdə dörd fəslin qəmi, nisgili,
Möhnətin sonu yox, qəmin sahili,
Yetmiş vida ili, ayrılıq ili,
Ömrün günlərinin biriydi, getdi...
Hüseyn Arif💜