fəryad

shabi
“Fəryad”ın qətlə yetirdiyi rejissor
Film həqiqətən də ayrı-ayrı sifətli faciələrin bir yerə yığışdığı antologiyanı xatırladır. Bu faciə toplusunda nələr yoxdu ki?! “Fəryad”ın rejissoru və baş rolun (İsmayıl) ifaçısı mərhum Ceyhun Mirzəyev 1993-cü ilin martın 5-də çəkilişdən sonrakı hazırlıq dönəmində dünyasını dəyişdi. Həmin gün Ceyhun Mirzəyev “Fəryad” filmi haqqında hazırlanacaq televiziya proqramında iştirak etməli idi. Amma ikinci dəfə keçirdiyi insult onun ölümünə səbəb olur. Nə filmin sonunu, nə də 47 yaşını görə bilməyən aktyor öz qalibiyyətini “Fəryad”ın timsalında seyr edə bilmədi. Onun ölümündən sonra rejissor dostu və filmin ssenari müəllifi Vaqif Mustafayev montaj və səsləndirməni öz öhdəsinə götürür. Bu çox ağrılı bir proses idi. Belə ki, Vaqif Mustafayev yenicə ölmüş dostunu başqasının diliylə danışdırmalı idi.
O, zatən “Fəryad”ın çəkilişləri zamanı hər gün “ölürdü.” Bir anlıq 1993-cü ilin Azərbaycanını təsəvvür edin. C. Mirzəyev də həmin Azərbaycanı bir filmdə əks etdirməli idi. Amma bu gərgin iş onun bütün səhhətini məhv etdi. O, hətta filmin çəkilişlərindən sonra da özünə gələ bilmir. Aramsız siqaret və ermənilərə ünvanlanan söyüşlər, əldə çıxmış Qarabağ ağrısı onun içini yeyirdi. 1993-ün yanvarında çəkilən natura çəkilişlər və bu çəlişlərin şaxtasından daha təsirli olan mənəvi işgəncəsi Ceyhun Mirzəyevin “Fəryad”ı görməsinə imkan vermədi. Filmdə şəxsən onun özü bir çox əziyyətlərə uğrayır. Şaxtalı havada müəyyən maneələri keçərək meşənin içindən qaçmalı olur. Yəqin o səhnə yadınıza gəlir. Azəri qızını zorlayaraq öldürən erməninin adını benzin hesabına öyrənəndən sonra onun arxasıyca qaçır. Bu zaman onun ötüb keçdiyi yerlər arasında soyuq çay və tikanlı məftillər də var idi. Xəstəhal olmasına baxmayaraq bu işləri şəxsən rejissorun özü görür. Natura çəkilişləri bitir.
Deyilənə görə, C. Mirzəyev filmin bütün çəkiliş qrupunu tələsdirirmiş. Bir ara mini insult da keçirir. Amma yenidən film üzərində işləməyə başlayır. İkinci insultdan sonra isə dünyayla vidalaşır və özündən son əmanət kimi “Fəryad”ı bu həyata saxlayır.
shabi
Filmə görə kim şillə “yeyib”
Ölümündən sonra aktyor-rejissora bu filmə görə həm “Humay” mükafatı, həm də digər diplomlar verilir. Mükafat alanların arasında uğurlu ssenariyə görə Vaqif Mustafayev də olur. Filmdə ümumiyyətlə, peşəkar və tanınan aktyorlardan az istifadə olunub. Həm ümumi fon və bir-biriylə konfliktdə olan obrazları ifa edən iki aktyorun əvəzolunmaz ifası burada digər epizodik aktyorlara demək olar ki, yer qoymur. Həmin aktyorlar - erməni Armen Xaçaturyants rolunu ifa edən Məlik Dadaşov və kinoya İsmayılla gəlib-İsmayılla gedən Ceyhun Mirzəyev idi. Peşəkar aktyor ifası filmə çox böyük dəstək olur.
“Fəryad”dakı Məlik Dadaşova qədər heç kəs erməniyə o cürə nifrət oyada bilmir. Hətta aktyor həyatda da bu obraza görə təqiblərə məruz qalıb. Bir məcburi köçkün onu görər-görməz üzünə möhkəm şillə vurur. Digər məcburi köçkün isə onu görən kimi haray-həşir salıb üzərinə qışqırır. Yaxınlarda olan polis işçisi də Məlik Dadaşovu tanımadığından sənədləri tələb edib.