etika anlayışı

huseynovaa
Etika - praktiki fəlsəfədir, əxlaq (ədəb qaydaları) haqqında elmdir. Həm termin, həm də xüsusi, sistemləşdirilmiş elm kimi etika Aristotel tərfindən yaradılıbdır. "Etika" sözünün əsasını təşkil edən "etos" (yun. "ethos") əvvəlcə adət edilmiş yaşayış yeri, sonralar isə sadəcə olaraq adət, davranış, xarakter, temperament, qayda kimi qəbul edilir. "İndiki vaxtda yaranmış elmi-akademik ənənəyə görə etika daha çox bilik sahəsi, əxlaq (və yaxud ədəbi qaydaları)isə onun predmeti kimi başa düşülür. İctimai təcrübədə və canlı dildə bu vaxta qədər bu ayrılma hələ başa çatmayıb".
Amerikalıların fəlsəfə dərsliklərinin birində etikaya belə tərif verilir :"Etika fəlsəfədə həm başqalarına, həm də özümüzə münasibətdə necə hərəkət etməyimizi sistemli şəkildə tədqiq etmək, həmçinin hansı şeylər, insanların hansı xarakter xüsusiyyətləri və ya tipləri - yaxşı, müsbət qiymətə və fəxr edilməyə layiq olmasını tədqiq etməkdir. Etika həm ümumi qayda və prinsiplər, həm də xüsusi hadisələr ilə məşğuldur ".
Aristotelin fikrincə yaxşılığı (əxlaqı) elm ilə eyniləşdirmək səhvdir. Etikanın məqsədi bilik deyil, davranışdır, o ümumiyyətlə rifah deyil, həyata keçirilmiş rifah haqqında bəhs edir. Bununla da etika praktiki fəlsəfə kimi nəzəri fəlsəfədən (metafizikdən) ayrılır. Etikanı yaxşılığın (əxlaqın) nə olduğunu bilmək üçün deyil, yaxşı (əxlaqlı) olmaq üçün öyrənirlər.
Bir çox müəlliflər əxlaq problemini şəxsi həyatla məhdudlaşdırmağın əleyhinə çıxır, onu ümumdünya kontekstində şərh edirlər. Məsələn, T. V. Adorno yazır :"Əgər bu gün nəyi isə hələ əxlaq adlandırmaq olarsa, onu mütləq dünyanın inkişaf yollarını müəyyənləşirdirmək ilə əlaqələndirmək lazımdır. Başqa cür də demək olar :düzgün həyat haqqında məsələ - indi düzgün siyasət haqqında məsələdir ;əlbəttə, əgər müasir insanlar nəhayət ki, düzgün siyasəti həyata keçirilirməsi lazım olan sahəyə daxil edirlərsə ".
YUSİF RÜSTƏMOV
shabi
Fəlsəfi elmlər sistemində mühüm yer tutan etika insan idrakının ən qədim sahələrindən olan əxlaq haqqında elmdir.
Hələ ibtidai dövrdə insanların müəyyən adət-ənənələr, qaydalar, qadağalar və s. formada mövcud olan münasibətləri zaman keçdikcə mürəkkəbləşir, yeni məzmun kəsb edirdi. Bu münasibətlər ibtidai insanların dünya haqqında təsəvvürlərini təşkil edən totemizm, animizm, fetişizm və magiyanın təsiri altında dəyişirdi. Həyat fəaliyyəti prosesində inkişaf edən bu təsəvvürlər əsatir fəlsəfəsinin formalaşmasını təmin etdi.
İlk sinifli cəmiyyətdə insanların şüuru xeyli irəliləyərək əsatiri yaratsa da, Qədim dövrə xas olan mifoloji dünyagörüş hələ yalnız «fəlsəfənin kandarına» çatmaqda idi. Bununla belə, sinkretik (bölünməmiş) mifoloji dünyagörüş dünya haqqında tam təsəvvür yaradan, dünyanı bütöv, küll halında öyrənən fəlsəfi dünyagörüşün sələfi oldu. Sinkretik mifoloji dünyagörüş insanların siyasi, hüquqi, dini, elmi, fəlsəfi, əxlaqi, estetik və s. görüşlərini vəhdətdəəks etdirirdi.

Tam fəlsəfi dünyagörüş isə məhz antik quldarlıq dövründə formalaşdı. Qədim Hindistan və Çindəəsası qoyulmuş müxtəlif fəlsəfi sistemlər məhz antik dövrdə bitkin nəzəriyyə və məktəblər şəklinə düşərək sürətlə inkişaf etməyə başladı.

Mifoloji dünyagörüşün fəlsəfi dünyagörüşə keçə bilməsinin əsas səbəbi fəlsəfənin «əsas məsələsinin» konkretləşməsi oldu. Dünyanın necə yaranması, insanın ölümü, həyatı və s. kimi suallar insanları hələ qədim dövrdən maraqlandırsa da, o zaman onlar bu problemlərə sırf mifoloji aspektdən yanaşır, bunları fəlsəfi cəhətdən nə ümumiləşdirə, nə də dərk edə bilirdilər. Bu problemlərə fəlsəfi münasibətin bəslənməsi bütün dünyada demək olar ki, eyni vaxtda – təxminən e.ə. I minilliyin ortalarında (b.e.ə.VII əsrdə) baş verdi. Məhz bu dövrdə Hindistanda, Çində fəlsəfi məktəblər yarandı və tezliklə bu dalğa antik dövrü bürüdü. Müxtəlif fəlsəfi suallarla dolu olan «Avesta» da məhz bu zaman kəsiyində meydana gəldi. Beləliklə, fəlsəfənin əsas məsələsinin 2 tərəfini təşkil edən «dünya nədən yaranıb» və «dünyanı dərk etmək mümkündürmü» sualları konkretləşərək fəlsəfi dünyagörüşün təməlini qoydu. Bu dövrə fəlsəfə tarixində K.Yaspersin sözü ilə «məhvər xətti» və ya «ox xətti» deyilir. Sanki Tanrı insan idrakında sıçrayış etmək məqsədilə dünyanın hər yerində eyni zamanda «ağıllı başlar» yaratdı. Bu başlar cəmiyyəti irəliyə aparmalı və bəşəriyyəti Allahın ona bəxş etdiyi maddi və mənəvi sərvətlərə yiyələnməyə nail olmaq yollarını göstərməli idi. Bu yollar ictimai təcrübə, əmək və mövcud elmlərin nailiyyətlərinə yiyələnməkdən keçirdi. Əsasən fundamental təbiət elmlərinin rüşeymləri mövcud olan Qədim dövrdə fəlsəfənin «əsas məsələsinin» 1-ci tərəfinə — «dünya nədən yaranıb» probleminə istinad edilsə də, sonrakı mərhələ olan Antik dövrdə bu problemin həmçinin ikinci tərəfi – yəni «dünyanı dərk etmək mümkündürmü» sualı da filosofların diqqət mərkəzində oldu.