əsrlərin yadigarı olan musiqi aləti saz

admin
Saz təzənə (mizrab) ilə çalınan simli çalğı alətidir. O, ulu ozan sənətinin davamçısı olan aşıq və saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir. Saz eyni zamanda türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir. "Saz" sözü farsca iki anlama gəlir: 1. düzən, makina, 2. çalğı, musiqi aləti. Orta Çağlarda "saz" sözünü ümumiyyətlə "musiqi aləti" mənasında istifadə edirdilər. Sözün bu anlamı indiyədək Türkiyə türkcəsində qalıb.


Ozan sənəti yüzilliklər və minilliklər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da ona oxşar təkamül yolu keçərək saz aləti şəklini almışdır. Saz artıq Şah İsmayıl Xətainin dövründə (XVI əsr) indiki şəklini almışdı. Azərbaycan sazı türkdilli xalqlar arasında yayılmış saz və ona oxşar alətlərdən çalğı texnikası, səsyayımı (akustikası) baxımından danılmaz üstünlükləri ilə seçilir.