dünya ölkələrində batil inanclar və miflər

ilkane musayeva
dünya ölkələrində batil inanclar və miflər
foto
Dünya ölkələrində batil inanclar və miflər:

Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, insanların fərqli batil, gülməli, mifik inancları olur. Bu inanclar onları bir qədər fərqli yönləndirir, nələrəsə inanır və buna müvafiq olaraq həyatlarını şəkilləndirirlər.

🔹Rusiyada çiçək vermək kimi geniş yayılmış bir ənənə var. Amma çiçək verməyin də bir qaydası var. Verəcəyiniz çiçək sayı mütləq tək olmalıdır, çünki cüt sayda çiçəklər sadəcə cənazələrə gedir.

Ruslara aid başqa bir batil inanc isə odur ki, küçədə yeriyərkən biri qabağınızdan boş vedrələr daşıyaraq keçərsə, pul itirəcəksiniz. Amma vedrələr xüsusən su ilə doludursa, qısa müddət ərzində varlı olacaqsınız kimi yozulur.

🔹Almanların dörddə biri soldan gələn bir qara pişiklə qarşılaşmaqdan qorxur, çünki bunun uğursuzluq gətirəcəyinə inanırlar. Amma bir çox ölkədə olduğu kimi düşən bir ulduz görəndə də arzu tutmaqdan özlərini saxlamırlar.

🔹Bolqarıstanda batil inanclar çox yayılıb. Çox populyar bir ənənəyə görə,subay bir qadın masanın küncündə oturmamalıdır. Əks halda bu qadının evlənmək üçün kişi tapmaq şansının olmayacağına inanılır.

Bundan başqa,bolqarlar spirtsiz içkiləri toqquşdurmazlar. Bardağında spirtli içki olmadan bunu edən biri varsa, onun çirkin uşaqları olacağına inanırlar.

🔹Dörd yarpaqlı yonca. Xristian aləmində müqəddəs bir yarpaq kimi xarakterizə edilir. Mifə görə onu qurudub dəftər arasında saxlamaq ömür boyu şans gətirir.

İrlandalılara görə isə, vətəni kəm gözlərdən qoruyur. 4 yarpaqlı yonca çətin tapıldığı üçün bütün cəmiyyətlərdə uğurlu sayılır.

🔹İspanlar ilin hər bir ayı üçün 12 üzüm yeyirlər. Saat tam 12:00-də, 12 üzümü də yesəniz, bütün yol boyunca şanslı olacağınıza inanılır. İşin əyləncəli tərəfi isə heç kimin bir dəqiqə içində 12 dənə üzüm yeməyə nail olmamasıdır.

🔹Rizedə (Türkiyə) cümə axşamı sarımsaq yemək yaxşı deyil. Gecələr dırnaq kəsilməz. Kəsilən dırnaqlar bir kağıza bükülməli və “Qiyamət günündə gəlib məni tapın” deyərək bir deşiyə soxulmalıdır. Ayağında yarası olan qadın öncə qonşu evinə gətirilir, yaxşılaşması üçün digər qadınlar dua oxuyub üfləyib, sonra da yaralı ayağı tikanla cızıq edərlər. Yeni alınan ayaqqabılar çərşənbə günü geyildiyində tez cırılacağı inancı da geniş yayılıb. Bundan başqa, ölü birini borclu olduğu halda basdırmaq da günahdır.

🔹13 rəqəminin uğursuz olması inancı isə Skandinaviya mifologiyasında bir əfsanəyə əsaslanır. Bu hekayəyə görə, kələkbaz “tanrı” Lokii o biri 12 tanrının qatıldığı bir mərasimə 13 olaraq gedib və əyləncəni pozub. Bu hadisənin yol açdığı dava skandinaviyalıların ən tanınan allahı Balderin ölümü ilə nəticələnib.

Bu inanc bənzər şəkildə yunan mifologiyasında, Truva müharibəsinin ortaya çıxma səbəbi olaraq da qəbul edilir.

13 rəqəminin uğursuzluğu inancı o qədər güclüdür ki, bəzi insanlar 13 insanı eyni masaya oturtmaqdan qaçır. Bəzi məşhur otellərdə,xüsusən Amerikada 13 rəqəmi daşıyan otaq və mərtəbə yoxdur. Bu mərtəbələr 12/A olaraq nömrələnib. Buna paralel olaraq, bəzi qadınlar da ayın 13-də alış-verişə çıxmırlar.

🔹İngilislər köpək balığı dişinin şans gətirdiyinə inanırlar. Əgər insan o dişi boynuna taxırsa, ən böyük şans o insanla olur. İngiltərəyə getdiyiniz zaman yolda boynunda da diş asılı olan birini görsəniz, bilin ki, bunun səbəbi dişin şans gətirəcəyinə inanılmasıdır.

🔹Azərbaycanlılar arasında da qəribə batil inanclar var. Hamıda olmasa da, bəzilərində aşağıdakı bəzi batil inanclar güclüdür:

•Evlərə nəzər dəyməsin deyə at nalı və ya iydə budağı asmaq.

•Türbələrdə şam yandırmaq, parça bağlamaq.

•Göz muncuğu taxmaq.(Ps. bu muncuğu taxmağın heç bir faydası yoxdur. Göz muncuğu taxmaq günahdır. Onun nəzəri aradan qaldıracağına inanmaq isə günaha ortaq olmaqdır.)

•Bayquşun ulamağından pis mənalar çıxarmaq.

•Türbələrdə toyuq kəsmək.

•Yoldan dovşan keçdi deyə geri qayıtmaq.

•Pişik və itin yolda gəzən birinin önündən keçməsi uğursuzluq imiş.

•13 rəqəminin uğursuz sayılması.

•Çərşənbə axşamı günü yola çıxmaq və işə başlamaq uğursuzluq imiş.

•Çərşənbə axşamı günü təzə paltar geyinəndə yana bilər.

•Qonaq gedəndən sonra evi yığışdırmaq düzgün deyil.

•Bir evdən ölü çıxsa o evdəki su qabları boşaldılır. Boşaldılmasa,o evdən yenə ölü çıxa bilər kimi batil inanc var.

•Kimsə ölən kimi ayaqqabılarını qapının kandarına qoymaq.

•Arzu tutub hovuzlara pul atmaq.

•Ovucun içi qaşınanda pul gəlirmiş.

•Bıçağı kiməsə verərkən bıçağa tüpürmək.

•Gecə ev təmizləmək kasıblıq gətirirmiş.

•İtin hürməyindən məna çıxarmaq.

•Pilləkənin altından keçməmək.

•Kiminsə başına pis iş gələndə eyni şeyin onun da başına gəlməməsi üçün qulağını çəkib masaya və ya başqa bir yerə vurmaq.

•Qurban kəsilən heyvanın qanını alının ortasına sürtmək.

•Gecə güzgüyə baxmaq və ya dırnaq kəsmək uğursuzluq imiş.

•Suya daş atmaq olmaz, yeni evə köhnə evin süpürgəsi aparılmaz.

•Ayağına süpürgə dəyməyi bədbəxtlik gətirirmiş.

•Axşam ev süpürmək uğursuzluq sayılır.

•Kiminsə vedrə'sini qaytaranda içi su ilə qaytarılmalıdır.