bayquş haqqında

shabi
1. Qədim miflərdə bayquşlar
Bayquşlar ilkin zamanlardan insanların diqqətini cəlb etmiş, bir çox  qədim xalqın mifologiyasında özünə yer tutmuşdur. Yunan mifologiyasında o, müdriklik, ağıl və qələbə rəmzi olmuşdur. Müharibə tanrıçası Athenanın 3 simvolundan biri  də həmçinin bayquş olmuşdur (zeytun budağı- sülh, mizraq -müharibə, bayquş -müdrikliyi təmsil etmişdir). O, gecələr Athenanın görə bilmədiyi hər şeyi ona çatdırırdı.Yunan ordusunun üzərindən uçan bayquş qələbəni təmsil edirdi.Roma mədəniyyətində isə bayquş ölüm, uğursuzluq və dağıntıların simvolu idi, hətta onlarda evlərin qapısına ölü bayquş asmaq, bayquş yandırıb külünü dənizə tökmək kimi adətlər olmuşdur ki, bu fikirlər babil ve misir mifologiyasının təsirləri altında formalaşmış və romalılarla birlikdə digər ərazilərə də yayılmışdı.
2. Super-stereo eşitmə qabiliyyəti
Eşitmə duyğuları olduqca inkişaf etmiş olan bayquşlar ovunun yeraltında ən kiçik hərəkətini və ya yarpaqların arasında tərpənməsini belə eşidirlər. Səslərə qarşı olduqca həssas olan bu canlıların, qulaqlarının ətrafında yerləşən tüklər səs dalğalarını bir növ tutaraq qulaqlara ötürür. Eşitmə seyvanları insanlarınkından daha genişdir. Bayquş qulaqlarının daha bir xüsusiyyəti isə onların bir-birinə simmetrik yerləşməməsidir. Eyni zamanda qulaqlar daxilən bir-birindən ayrıdır, yəni sağ qulaq sağ tərəfdən gələn səsi daha çox eşidir və əksinə. Bir qulaq digərindən daha yüksəkdədir, bunun sayəsində bayquşlar istənilən tərəfdən gələn səsləri rahatlıqla eşidə bilirlər. Beləcə bayquşlar səsləri super-stereo olaraq dinləyir və səs çıxaran canlını görməsələr belə onun harada olduğunu tamamilə doğru olaraq təsbit edə bilirlər.
3. Kəskin gözləri
Kəskin və iri gözləri uzağı çox yaxşı görməylərinə səbəb olsa da, yaxını bulanıq görürlər. Gözlərinin iri və kürəşəkilli olması onların gecə görməsini asanlaşdırır. Bayquşların başını 360 dərəcə fırlada bilməsi səhv bir inanışdır. Boyun skelet quruluşu digər quşlardan fərqlənən bayquşlar başlarını 270 dərəcə fırlada bilirlər. Bu da onların gözlərinin ancaq qarşıya doğru baxa bilməsi ilə bağlıdır.
4. Növləri və yayılma arealı
Hal-hazırda dünyada Antarktikadan başqa bütün qitələrdə yaşayan təxmini 200-ə qədər bayquş növü vardır. Onların ən böyüyü Avrasiya qartal bayquşu , ən balacası isə cırtdan bayquşudur. Qartal bayquşları ən güclü yırtıcı quşlardan biri olub hətta canavar, meymun və dəvəquşu balalarını belə ovlayırlar. Balaca bayquş növləri gündüzləri də aktiv olub, çəkiləri yarım kilodan çox deyildir.  Kiçik bayquş növlərinin bəziləri kaktus meşələrində yaşayırlar. Onlar böcəklərlə qidalanırlar.