At sevgisi

gulu1096
At, Orta Asiya-Anadolu yolunda köçəri yaşayan Türklərin həyatında və mədəniyyətində xüsusi əhəmiyyətə malik idi. At sevgisinin tarixi qədimdir. Tarixə nəzər yetirsək, hər dövr türklərin həyat tərzində və yaşadıqları ərazidə atların olduğunu görərik. Türklər və atlar daima bir yerdə olub. Həyat tərzi, yaşayış əraziləri, döyüşlər bu əlaqəni daha da möhkəmləndirib. Türk mədəniyyət əsərlərində at motivlərinin çoxluğu bu səbəbdəndir. Çin mənbələrində “Türklərin həyatı atlarına bağlıdır” məsəli var.
At türk mədəniyyətində və xalq inancında müqəddəs heyvandır. Türk mifologiyasına əsasən “atın gücü Tanrıdan gəlir”. O, insanın ən yaxın dostu, ölümün və uzaqgörənliyin simvoludur. Şamanlarda at, Şamanın göyə çıxmaq və qurban üçün heyvanı sayılırdı. Şamanlar at ilə yerin altına və digər dünyaya gedə biləcəklərinə inanırlar. Atın küləkdən yarandığı və gücünü ondan aldığı inancı mövcuddur. Digər bir inanca görə, atlar yerə günəşdən gəlib. Atların dənizdən, dağdan və ya mağaradan çıxan müqəddəs ayğırlardan yarandığı inancı da var.
Türk adətlərinə əsasən atların bəzi xüsusiyyətləri olmalıdır. Məsələn, yaxşı at uçan quşa çatmalı, yorulmamalı, düşməni hiss etməli, sahibinə xəbər verməli, sahibini başa düşməli, ölən sahibini yolda qoymamalı və onu vətəninə gətirməli, yaralı sahibini isə xilas etməlidir. At Türkün ən sadiq dostu, sahibinin qoruyucusu və qələbə yoldaşı sayılırdı.
Türk əfsanə və dastanlarında at sahibinin sadiq dostu sayılırdı. “Dədə Qorqud” dastanında Bamsı Beyrək zindandan çıxana qədər onu 16 il gözləyən atına belə deyirdi :
“ Sənə at demərəm,
qardaş deyərəm,
qardaşdan da əzizsən”
Burdan Türklərin atlara necə əhəmiyyəti verdiyini görə bilərik.
At, sahibi vəfat edəndə onunla birlikdə dəfn edilirdi. Bu türklərin ana vətənindən qalma adət idi. Çin mənbələrində Göytürklərin vəfat edənləri atları və digər əşyaları ilə dəfn etdiyi qeyd olunub.
Vilhеlm Şmidt : “Atlar türklər tərəfindən əhilləşdirilib” yazıb. Türklər Anadoluya köç edəndə at mədəniyyətini buraya da gətiriblər. Türk atı məhşur idi, belə ki, Səlcuqlu və Osmanlı dövründə də at xüsusi yerə malik idi. Hun, Göytürk, Səlcuqlu və Osmanlı dövlətini varlığını at üstündə döyüşərək qoruyub. At mədəniyyəti, Orta Asiyadan Hindistana, İrana, İraqa, Avropaya və Aralıq dənizi ölkələrinə yayılıb. Osmanlı dövründə at tövlǝlǝrindǝ xüsusi atlar yetişdirilirdi. Türk mədəniyyətində at quyruğundan hazırlanan tuğlar, bayraq və iqtidar simvolu sayılırdı. Tuğ adəti Osmanlı dövründə də vardı. Hər dövlət xadiminin tuğu vardı və ölçüsü vəzifəsinə görə fərqlənirdi.
Xalq arasında atlarla bağlı bir çox inanclar var. Bu inanclar Orta Asiyadan Anadoluya keçib. Döyüşdə ölən türkün məzarına onun atının quyruğu asılırdı. Keçmişdə Türklərin məzar daşları at formasında idi. Məzar daşları sahəsində araşdırma aparan tədqiqatçılar qoyun, qoç və at formasındakı məzar daşı adətinin Orta Asiya və Şamanizmdən gəldiyini bildirirlər. Qədim türk inancına əsasən keçmişdə, ev tikərkən, ən böyük dirəyə və ya çadırın ortasına at qanı və ya südü çəkilirdi. Dağ, meşə və alov ruhlarına dua edəndə qırmızı at saçı istifadə olunurdu. At olan evə şeytan girməz, at pis ruhları qovar. İslamdan əvvəlki inanclarda və İslam inancında yuxuda at görmək müsbət qəbul edilirdi və yuxu görənin arzularının çin olması və evlənəcəyi demək idi. Quyruğu kə at görmək isə yuxu görənin öləcəyi demək idi.
Quranda və hədislərdə at saxlamaqla bağlı yazılar var. Peyğəmbər “Allah yolunda at saxlayın” deyərdi.
Türklərdə “Türk çadırda doğular, at üstündə ölər” , “Quş qanadı ilə, Türk atı ilə”, “At sahibini tanıyar” , “ At igidin yoldaşıdır” kimi atasözləri və məsəllər var. At türk mədəniyyəti və həyat tərzini əks etdirən hekayələrdə, dastanlarda və nağıllarda baş qəhrəmanın ən sadiq dostu sayılırdı. Türk qaya-divar rəsmlərində, heykəllərdə, xalçalarda, tunc-mis əşyalarda, məzar daşlarında və miniatüra əsərlərində at motivi tez-tez istifadə olunur. Müasir əsərlərdə də buna rast gəlmək mümkündür. Atın milli mədəniyyətimizdə xüsusi yeri var.