13 fevral günü baş vermiş hadisələr

markalogiya
🗓 Tarixdə 13 Fevral günü baş vermiş hadisələr

🔰 1894-cü ilin 13 fevral tarixindǝ Kinematoqrafiyanın banisi olan fransalı Ogüst Lümyer qardaşı Lui Lümyer ilə birlikdə hərəkətli təsvir əldə etmək üçün “Kinematoqraf” və ya “Sinmatoqraf” adlı aparatı kəşf ediblər. Bununla da dünya kinematoqrafiyasının əsası qoyulub. İlk pullu kinoseansın açılışı həmin ilin dekabrında Parisdə məhz Lümyer qardaşları tərəfindən həyata keçirilib.

🔰 Şimali Kiprdə (Kıbrıs) yaşayan türklər yunanlar tərəfindən qətlə yetirilincə 1974-cü ilin 20 iyulunda Türkiyə Silahlı Qüvvələri Kıbrıs Sülh Hərəkatı adı ilə adaya girdi və orada türklərin təhlükəsizliyini təmin etdi. Hərəkatdan sonra Şimali Kiprdə Muxtar Kıbrıs Müvəqqəti Hökuməti quruldu. Bu hakimiyyətin Məclisi 1975-ci ilin 13 fevralında Kıbrıs Türk Federasiya Dövlətinin qurulmasına səs verdi və qərarı elan etdi. Məclisdə yeni dövlətin qurulma bəyanatını Muxtar Kıbrıs Türk İdarəçiliyi Məclisinin sədri və ilk prezidenti Rauf Denktaş oxudu.

1983-cü il 15 noyabrında isə Kıbrıs Türk Federasiya Dövləti Məclisi səsvermə nəticəsində əldə etdikləri qərarla bu günə qədər yaşayan və yaşayacaq Şimali Kipr Türk Cümhuriyyətini elan etdi.

🔰 13 fevral Azərbaycan və ümumtürk xalqlarının tanınmış şairi, dramaturq və ədəbiyyatşünas Bəxtiyar Vahabzadənin xatirə günüdür.

1925-ci ildə Şəkidə anadan olan, bədii yaradıcılığa 18 yaşından başlayan şair onlarla kitabın müəllifidir. Onun bir çox şeirinə gözəl mahnılar da bəstələnib.

Bəxtiyar Vahabzadənin “Vicdan”, “İkinci səs”, “Yağışdan sonra” pyeslərində ailə, məişət və əxlaq məsələlərindən bəhs olunur. Bayron, Puşkin, Lermontov, Nekrasov və dünyanın digər klas şairlərinin əsərlərindən nümunələri Azərbaycan dilinə tərcümə edib. B.Vahabzadə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü idi. O, dövrün bir çox ordenləri (“İstiqlal”, “Şöhrət” və “Qırmızı əmək bayramı”) ilə təltif edilmişdi.

Böyük şairin ictimai fəaliyyəti də dəyərli və əvəzsiz olub. Hələ ötən əsrin 60-cı illərində belə düşüncələrilə həmkarlarından kəskin şəkildə seçilib. 1959-cu ildə yazdığı “Gülüstan” tarixi poeması ilə Azərbaycan xalqının və torpaqlarının ikiyə bölünməsi facisəini qələmə almış, bu səbəbdən bir müddət vəzifəsindən uzaqlaşdırılmış, Sovet rejiminin təzyiqlərinə məruz qalmışdı.

80-90-cı illərdə Azərbaycan tarixinin tale yüklü anlarında da əsl vətəndaş mövqeyi nümayiş etdirən Bəxtiyar Vahabzadə xalqın yaşadığı Dağlıq Qarabağ münaqişəsi, Qanlı Yanvar faciəsi ilə bağlı çıxışları və atdığı addımları ilə seçilib. Şair 2009-cu ilin bu günü 84 yaşında dünyasını dəyişib.